Bölmə müdiri : Dr. Altay İsmayılov
Beynəlxalq iqtisadi əlaqələr ixtisası iqtisadi, sosial və mədəni cəhətdən sürətlə inkişaf edən müasir dünyadakı iqtisadi proseslərə kompleks yanaşmaqla, onları konkret müstəviyə keçirə bilən və iqtisadi məkanda baş verən hadisələri təhlil edərək alternativ həll yolları təklif edə bilən savadlı kadrlar yetişdirmək məqsədilə təsis edilmişdir. İxtisasın bakalavr pilləsinin tədris planı insanların qeyri-məhdud ehtiyaclarının ödənilməsi üçün məhdud resursların səmərəli istifadəsinə, istehsal və bölgü fəaliyyətlərinin praktikada tətbiqi zamanı meydana çıxa biləcək problemlərin başa düşülməsinə və onların analizinə dair nəzəri və praktik biliklərin tələbələrə öyrədilməsinə imkan verir. Bölmənin tədris planı və fənn proqramları burada təhsil alan tələbələrin gələcəkdə istər elmi fəaliyyətlə, istərsə də yerli və xarici şirkətlərdə müasir tələblərə cavab verə biləcək keyfiyyətli iqtisadçı kimi işləmələrinə tam təminat verir.
Bölmənin dərs proqramı bir sıra inkişaf etmiş ölkələrin universitetlərinin, eləcə də Azərbaycanın qabaqcıl iqtisadiyyat və idarəetmə fakültələrinin tədris planlarına əsasən tərtib edilmişdir. Bunun da nəticəsində ölkədaxili və ölkəxarici bütün iqtisadi strukturlarda işləyə biləcək, lazımi məlumat bazasına sahib olan, milli və beynəlxalq səviyyədə problemləri həll edə biləcək savadlı məzunlar yetişdirəcəyik.
Tədris proqramının təşkilində tələbələrə kreativ düşüncə tərzinin aşılanmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə ilk üç kursda əsas iqtisadi və statistik elmlərlə yanaşı, riyaziyyatın və ekonometriyanın əsasları da öyrədilməkdədir. Tələbələr həm də Microsoft Word, Excel və Power-Point kimi əsas proqramlarla bərabər, öz tədqiqatlarında istifadə edə biləcəkləri statistik və ekonometrik analiz proqramları ilə də yaxından tanış olurlar.
Universitetimizin kitabxanası “Beynəlxalq iqtisadi əlaqələr” ixtisasına yiyələnmək istəyən tələbələrin istifadə edə biləcəkləri lazımi kitablara, dövri nəşrlərə, eləcə də elmi tədqiqatla məşğul olmaq üçün lazım olan hər cür məlumat toplularına malikdir..
Müasir elmi və pedaqoji tələblərə cavab verən dərsliklər, digər müasir tədris vəsaitləri və təcrübəli müəllim heyəti başlıca üstünlük kimi səciyyələndirilə bilər. Təhsilin keyfiyyətini və səmərəliliyini artıran daha bir amil isə universitetimizin nəzdində fəaliyyət göstərən kuratorluq institutudur. Bu mexanizm tələbələrimizə təhsil həyatlarını düzgün istiqamətləndirmədə və onların müəllim heyəti ilə səmimi ünsiyyət qurmalarında əvəzsiz yardım edir.
İnanırıq ki, bizim məzunlarımız savadlı, əqidəli və düzgün bir mütəxəssis kimi yetişərək, Azərbaycanımızı dünya iqtisadiyyatında layiq olduğu yerə yüksəldəcəklər.
“Beynəlxalq iqtisadi əlaqələr” bölməsində təhsil müddəti dil hazırlıq kursu da daxil olmaqla 5 ildir. Burada iqtisadiyyatın əsaslarına və beynəlxalq iqtisadiyyata aid dərslərlə yanaşı, biznesin idarə edilməsi və təşkili, mühasibatlıq, menecment, hüquq, statistika və beynəlxalq münasibətlərə aid dərslər də tədris olunacaqdır. Keçilən dərslərin əsas məqsədi tələbələrə savad aşılanması ilə yanaşı, onların təhlil və mühakimə qabiliyyətlərini inkişaf etdirməkdir.