Xoş gəlmişsiniz,
Türkiyə və qabaqcıl qərb ölkələri universitetlərinin müasir təhsil proqramlarını, tədris vəsaitlərini uğurla tətbiq edən Qafqaz Universiteti Azərbaycan elmi-pedaqoji ictimaiyyətinin yüksək etimadını və rəğbətini qazanmışdır. Ciddi təhsil sistemilə fərqlənən Universitetin müxtəlif ölkələrdən gəlmiş müəllim və tələbələri onun beynəlxalq səciyyə daşımasının bariz dəlilidir. Dünyanın nüfuzlu universitetləri sırasında yerini tutmaq Qazfqaz Universitetinin başlıca məqsədidir.
Fəaliyyət göstərdiyi müddət ərzində daima qabaqcıl təhsil texnologiyalarını Azərbaycanda ilk dəfə gerçəkləşdirən Universitet bir çox vacib yenilikləri həyata keçirmişdir. 1993-cü ildən etibarən tətbiq edilən kreditli dərs keçmə sistemi, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş pilot ali təhsil müəssisəsi statusu, TSE-EN-İSO 9001:2000 keyfiyyəti idarəetmə sistemi sertifikatının alınması, nəhayət 20 hektarlıq ərazidə müasir universitet şəhərciyinin salınması bu yeniliklərin sadəcə bir qismidir. Tələbələr birinci ili dil və ixtisas hazırlığı olmaqla beşillik bakalavr təhsilində seçdikləri ixtisası ən mükəmməl şəkildə qavramaqla yanaşı, kompüter texnologiyasını və iki xarici dili ( türk və ingilis dilləri) də öyrənirlər.
Universitetin müasir dünyanın tələblərinə uyğun şəkildə və Vətən, millət sevgisi, umumbəşəri və milli dəyərlərə hörmət ruhunda yetişdirdiyi kadrların ölkə daxilində və xaricində Azərbaycanı uğurla təmsil etmələrini isə ən böyük nailiyyət olaraq qəbul etmək olar.
Hörmətlə.
Prof.Dr. Əhməd Saniç
Rektor